Ferid
27 şiiri ve 8 yazısı kayıtlı Takip Et

Nişan üzüyü (hekayə)



2001-cu ilin isti, bürkülü yay günü idi.Saatın əqrəbləri 2-ni göstərirdi. Hamı kölgədə daldanmağa can atırdı. Hər kəsin istidən ,,yandığı" bu yay günündə Nailə titrəyirdi. Vücudu sözünə baxmırdı. Daxildən gələn bu titrəməni dəf etməyə gücü çatmırdı.
O bərk sarsılmışdı. İndi Nailənin bir-neçə il yolunu gözlədiyi, ucaboylu, hər zaman səliqə-sahmanlı olan, canından belə çox sevdiyi həyat yoldaşı Azər xəstəxana palatasında can çəkişirdi. Qəfil xəstəlik Azəri bərk yaxalamışdı, onu tərk etmək istəmirdi. Azər 1 ildən artıq idi ki bu dərdə düçar olmuşdu. İlkin dövrdə düzgün diaqnoz qoyulmadığı üçün xəstəlik şiddədtənərək ağırlaşmışdı. Görəsən Nailənin Azəri bir daha ayağa qalxacaqmı? Bir zamanlar özlərini dünyanın ən xoşbəxt ailələrindən biri kimi hiss edən bu kiçik ailə yenə də əvvəlki günlərdəki kimi xoşbəxt ola biləcəkdimi? Azər yenə sevgi, məhəbbət ,xoşbəxtlik dolu baxışla sevimli xanımı Nailəyə baxacaqmı?
Hər zaman gözlərindən sevinc yağan Azərin gözlərinin nuru çəkilmişdi. İndi o gözlər sanki çuxura düşmüşdü. Hələ Nailə....
Ala gözlü, gülərüz, ağbəniz, mehriban bu gənc qadının çöhrəsi kədərə bürünmüşdü. Dayanacaqdakı audio kaset satılan dükandan eşidilən mahnının sözləri Nailənin qəlbini bir az da inlətdi.

Eşit sevənlərin qəm fəryadını,
Nə olar allahım, ayırma bizi.

Bu misralar onun qəlbini dağlayırdı, ürəyi fəryad qoparırdı. Əl-ələ tutub dayanacağa yaxınlaşan gənc sevgililəri görəndə ani olaraq Azərlə sevgili olduğu ilk vaxtları xatırladı..
Azərlə Nailə universitetdə tanış olmuşdular. Nailə o zaman 3-ci kursda oxuyurdu. Sentyabr ayında ikinci dərs günü idi. Birdən qapı açıldı , fakultənin dekanı ilə birlikdə hündürboylu,yaraşıqlı, qədd-qamətli, enlikürək, almacıq sümükləri bir az qabarıq gənc bir oğlan da içəri daxil oldu. Qızlar qeyri-ixtiyari gözlərini yaraşıqlı oğlana zillədilər. İxtisas müəllimi olan Mahirə müəllimə gözləri dolmuş halda gəncə baxırdı.
Sizin yeni tələbə yoldaşınız Azər Feyziyev- deyə dekan Azəri onlara təqdim etdi.
Mahirə müəllimənin ən çox sevdiyi keçmiş tələbəsi.
Mahirə müəllimə!
Azər,oğlum! deyərək müəllimə göz yaşları içərisində Azəri qucaqladı.
Azər Qarabağ qazisidir! Bizim universitetin ən istedadlı ,namuslu, şərəfli ,ləyaqətli tələbələrindən biridir. Müharibə başlayanda o 2-ci kursu bitirib, təhsilini donduraraq könüllü ordu sıralarına yazılıb müharibəyə getdi. İki dəfə də yaralanıb. Xüsusi təyinatlı bölükdə xidmət edib. Dərsinizi bölməyək!
Azər ,uğurlar olsun! deyərək dekan auditoriyanı tərk etdi. Mahirə müəllimə hələ də hıçqırırdı. Nəhayət özünü toplayan müəllimə mühazirəsinə davam etdi.
Tənəffüs zamanı hamı Azərin başına toplaşmışdı. Hər kəslə qısa da olsa tanışlıqdan sonra Azər pəncərənin qarşısında dayanıb universitetin həyətinə baxmağa başladı. Xəyallar onu aparmışdı.
Azər evin tək oğlu idi. Ziyalı ailəsində dünyaya gəlmişdi. Çox vətənpərvər ailələri vardı. Atası Fərrux müəllim ixtisasca kimyaçı idi. O Aşqarlar Kimya İnstitutunda elmi işçi olaraq şəxsən akademik Əli Quliyevin komandasında çalışmışdı. Xalq Cəbhəsi fəallarından olduğu üçün Sovet hökuməti tərəfindən 1990-cı ildə vəzifədən kənarlaşdırıldıqdan sonra orta məktəbdə kimya müəllimi kimi işə düzəlmişdi. Anası Mədinə xanım Mərkəzi Poçtda işləyirdi. Özündən yaşca böyük 2 bacısı vardı. Biri ailəli idi. Azər Qarabağa döyüşə yollananda ikinci bacısı da nişanlı idi. Eh illər,illər....
Birdən kiminsə lap yanında tənəffüs qurtardı deməsi onu xəyallar dünyasından ayırdı. Dönüb səs sahibinə baxanda Azərin qəlbində xoş bir hiss oyandı. Bu qız necə şirin,necə gözəl,həlim, mehriban, xoşsifət idi. Azər gözünü qızdan çəkmirdi. Qız da Azərin baxışlarının cazibəsinə düşmüşdü. Azərin vurğun baxışlarına tab gətirməyən Nailə qıpqırmızı qızarmışdı. Nəhayət qrup nümayəndəsi Məlahət köməyə yetdi. Müəllim gəlir içəri keçək! dedi.
Elə bil Nailənin çiynindən yük götürüldü. Həmin günü oğrun-oğrun bir-birilərini süzə-süzə keçirdilər. Sonra.... Sonra isə bir-neçə dəfə yol yoldaşı oldular. Daha sonra isə hər gün bir gəlib bir getməyə başladılar.
Və beləcə bir film kimi başladı bu ülvi sevgi. Bir il sonra Azərin atası dünyasını dəyişdi. Sonuncu kursu bitirdikdən sonra ölkədə iş problemi olduğu,müəllimlərin məvacibinin az olması səbəbindən,həmçinin gələcək ailə naminə Azər Rusiyaya işləməyə getdi. Rusiyada işləri yaxşı getdi . Maddi durumu xeyli yaxşılaşdı. Hər gələndə Nailəyə özəl hədiyyələr alardı. Artıq onların nişan mərasimi olacaqdı. Azər əvvəlcədən Nailəyə bir brilliant qaşlı üzük şəkli göstərmişdi. Nailə o üzüyü o qədər bəyənmişdi ki... MUM da o üzüyün qiymətini biləndə Nailə şoka düşmüşdü.
Azər bax, bu daha qəşəngdir deyə başqa bir üzüyü göstərmişdi. Amma Azər qəti qərarını vermişdi. O sevimli Nailəsinə bəyəndiyi üzüyü alacaqdı. Həmin gün üzük almadılar. İki gün sonra Azər sürpriz etmiş oldu. Nailənin barmağının ölçüsünü götürdükləri üçün üzüyü almaq ona çətinlik yaratmamışdı. O gün lazım olan hər şeyi almışdılar. lakin üzüyə pul qalmadı, gəlib sabah götütərəm deyən Azərin əsl məqsədini heç kim bilməmişdi. Gecə ilə Rusiyaya uçub həmin üzüyü Peterburqda gördüyü qızıl dükanından alaraq Bakıya qayıtmışdır. Nişanda üzük taxma mərasimində Nailəyə qeyri-adi sürpriz etmişdi. Eh......
İndi isə Azər ölümlə pəncələşirdi. Onun qəfil yatağa düşməsi ailəni də çətin duruma salmışdı. Bütün pulları qurtarmışdı, hətta evdə bəzi dəyərli əşyaları da Nailə Azərin müalicəsi üçün satmışdı. Əlbəttə ki bütün bunlardan Azərin xəbəri yox idi. Azər təcili əməliyyat olmalı idi ,amma pul yoxdu. Nailə Azərin ona bağışladığı ən dəyərli hədiyyəni satmağı planlaşdırmışdı. Neçə gün idi ki işə də getmirdi. Məktəbdə hər kəs onun vəziyyətini bilirdi. Bir-neçə qızıl dükanına girən Nailəyə çox cüzi qiymət təklif edirdilər.Elə bil bu qızıl dəllalları da onun pula ehtiyacı olduğunu bilirdilər. Odur ki üzüyə ən ucuz qiyməti təklif edirdilər. Fikirlər içərisində irəliləyirdi. Konkret hara gedəcəyini də bilmirdi. 10-15 dəqiqə də belə pərişan halda gəzdikdən sonra qarşıdakı ağacın altındakı skamyada əyləşdi. Dolaşıq fikirlər qəlbini didirdi. Birdən kiminsə
Səfər əmi ,nə var nə yox? deməsi onu bu xəyallar dünyasından ayırıb tapıntı aləminə atdı.
Səfər əmi... Necə də ağlına gəlməyib zərgər Səfər. Səfər kişi İçəri Şəhər tərəfdə zərgər işləyirdi. Çox mərdanə adam idi. İki qızı, bir oğlu vardı. Oğlu Namiq də çox comərd gənc idi. Bütünlükdə ailələri dindar, əxlaqlı, təqvalı bir ailə idi. Namiq hərbi xidmətdən yenicə gəlmişdi. Atasına kömək edirdi. Deyilənə görə çox gözəl əl qabiliyyəti də varmış.
Salam Səfər əmi.
Salam Nailə qızım,xoş gördük. Nə qulluq? Azər necədir?
Nailə göz yaşları içində bütün olanları Səfər kişiyə danışdı.
Səfər əmi bu üzük Azərin mənə ən dəyərli hədiyyəsidir. Onu məcburən satıram.
Qızım narahat olma. Hər şey yaxşı olacaq. Səfər kişi üzüyə yaxşı pul verdi.
Qızım, bunu da al deyə Səfər kişi iki ədəd yüzlük dolları Nailəyə verdi.
Səfər əmi.....
Al,Nailə, al. Azər dəyərli oğuldur. Sizi ailəlikcə çox sevirik.
Nailə deməyə söz tapa bilmirdi. İndi o sanki qanad açmışdı. Hövlank özünü xəstəxanaya yetirdi. Əməliyyat ağır olub uzun çəksə də sonda yaxşı nəticələndi.
Evə buraxılan Azər xəstəliyinin ailəyə nə qədər baha başa gəldiyini görüb sıxılmağa başladı. Nailə isə ona dəstək oldu. Günlər keçdi. Azər tam sağlığında qovuşdu. Artıq hər ikisi baş-başq verərək işləyirdilər. Repetitor fəaliyyəti onları xeyli məşhurlaşdırmışdı. Azərin əməliyyatından iki il ötmüşdü. Şənbə günü idi. Azər Nailəni götürüb şəhərə çıxmışdı. Dükan- bazarı gəzib alınacaqları almışdılar. Azər tanış bir taksidən istifadə edirdi.
Amil, qarşıda saxla. Bir az da gözləməli olacaqsan.
Azər qədeş, o nə sözdür. Sənin xətrinə istəyirsən bütün günü burada dayanım. Sən bizə o qədər əl tutmusan ki. Hələ cəbhədə olanda qardaşıma nə qədər köməklik etmisən. Biz bunları unuda bilmərik.
Amil, bir daha o söhbətlərə qayıtmayaq. Mən nə lazım idi onu da etmişəm.
Çox sağ ol, qədeş.
Taksidən düşüb zərgər Səfərin dükanına keçdilər.
Azər, burda nə işimiz var?
Heç, sənə kiçik bir hədiyyə almaq istəyirəm . Olmaz?
Nailə təşəkkür edici baxışla cavab vermiş oldu. Səfər kişi onları can-başla qarşıladı. Kofe hazırlatdı.
Hə, Azər . İndi necəsən?
Şükür, Səfər kişi. Yaxşıyam. Hər şey qaydasındadır. Səfər kişi, bizə dəyərli bir qızıl lazımdır.
Var! Özü də çox dəyərli və əntiqə bir əşyadır.
Gətir, Səfər kişi.
Zərgər Səfər kiçik qızıl qabını Azərə ötürdü.
Aç qapağı,Nailə!
Əvvəl tərəddüd edən Nailə qapağı qaldırdı. Təəccübdən gözləri böyümüşdü. Nə deyəcəyini belə bilmirdi. O sual dolu baxışlarla gah Azərə gah da Səfər kişiyə baxırdı.
Azər isə susurdu.
Zərgər Səfər də sakitcə dayanmışdı.
Azər Səfər kişinin pulunu artıqlaması ilə ödədi. Sağollaşıb çıxdılar. Yolboyu sevincindən uçan Nailənin sualları da çox idi. Bircə evə tez çatsydılar. Azərdən hər şeyi dəqiq öyrənərdi. Elə bil yollar uzanmışdı. Nəhayət mənzilə yetdilər. Azər Amili yola saldı. Yuxarı çıxdılar. Evə girən kimi Azər Nailənin suallar atəşinə tutulacağını bilirdi. İçəri keçək, hər şeyi izah edəcəyəm dedi.
Əməliyyatdan sonra Azər Nailənin barmağındakı üzüyü görmədi, ancaq əlavə sual da vermədi. Nailə xəstəxanadan gedəndən az sonra Səfər kişi Azərə zəng edib hal-əhval tutdu. Sonra əhvalatı Azərə söylədi və əlavə etdi ki,mən bu üzüyü heç kimə satmayacağam. Nə zaman əlində imkan olsa gəlib apararsan. Azər də az-az da olsa bu iki il ərzində həmin pulu artıqlaması ilə düzəltmişdi. O Nailənin fədakarlığını, əxlaqını, mənliyini ,mətinliyini yüksək dəyərləndirirdi. Nailə Azərin müalicəsi üçün demək olar ki bütün qiymətli əşyaları satmışdı. Sonuncu ən qiymətli əşya isə onların nişan üzüyü,Azərin Nailəyə ən dəyərli hədiyyəsi idi ki onu da tərəddüd etmədən Nailə satmışdı. Sırf Azərin müalicəsi üçün!
İndi isə Azərin növbəsi idi. O da məhz əxlaqlı, namuslu,şərəfli onu sevən, ona layiq olan bu qadına layiq olduğu dəyəri verməli idi və bu dəyəri verdi də.
Nailənin sevincinin hüdudu yox idi. Azər onu ikinci dəfə idi ki eyni hədiyyə ilə sevindirirdi. Pis günlər artıq keçmişdə qalmışdı. İndi yalnız irəli baxmaq lazımdır. Onlar yenə də əvvəlki kimi xoşbəxt bir ailədirlər.

Fərid Muradzadə

Beğen

Ferid
Kayıt Tarihi:9 Mayıs 2019 Perşembe 02:45:11

NIŞAN ÜZÜYÜ (HEKAYə) YAZISI'NA YORUM YAP
"Nişan üzüyü (hekayə)" başlıklı yazı ile ilgili
düşüncelerinizi ve eleştirilerinizi diğer okuyucular ile paylaşın.


YORUMLAR


Henüz yorum yapılmamış.

Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.